Beynəlxalq münasibətlər üzrə analitik Teymur Qasımlı ilə hafta.az üçün budəfəki söhbətimizdə Ermənistan tərəfindən Azərbaycana qarşı gözlənilən növbəti təxribatlar, İranın Azərbaycanla sərhəddə hərbi təlimlərinin hansı siyasi məna daşıması, ilin sonunadək Ermənistanla sülh müqaviləsinin imzalanması ehtimalı və s. mövzularda danışdıq.
- Teymur bəy, Azərbaycan-Ermənistan sərhədində erməni təxribatı nəticəsində baş vermiş son 12-13 sentyabr qanlı qarşıdurmasından sonra Qərbin, xüsusən Fransanın açıq siyasi dəstəyi, İran və Hindistanın gizli-açıq hərbi dəstəyi Ermənistanı Azərbaycana qarşı növbəti daha genişmiqyaslı təxribatlara ruhlandıra bilərmi?
- Əvvəla, İran və Hindistan Ermənistana hərbi dəstəyi heç vaxt gizli etməyib, onlar bunu daim açıq ediblər. Rusiyanın Ermənistana silah verə bilmədiyi hazırkı durumda Hindistanın bu təcavüzkar ölkəyə silah və texnika satmasına gəlincə, hesab edirəm, bəlkə də bu, Rusiya ilə razılaşdırılıb. Əks halda, Hindistanın Kremlin başı üzərindən Ermənistana silah satması da onun xoşuna gəlməz. Belədirsə, biz bundan istifadə edərək Rusiya ilə Ermənistan arasındakı münasibətləri gərginləşdirə bilərik. Fransanın da Ermənistana dəstəyində təəccüblü bir şey yoxdur. Onun tarixən daim ermənilərə dəstəyi olub. Konkret İranın dəstəyinə gəldikdə, 2020-ci ilin 44 günlük savaşından və xüsusən son sentyabr gərginliyindən sonra bu ölkənin Ermənistana dəstəyi daha çevik xarakter alıb. Bu, həm də Tehran rejiminin siyasi maraqlarından irəli gəlir. Bu da aydındır ki, İran erməni dövlətinə hərbi texniki və kəşfiyyat dəstəyi versə də, həmin ölkə ordusunun Ermənistan ordusu ilə bərabər Azərbaycan Ordusuna qarşı döyüşəcəyinə inanmıram. Bu, Tehran üçün ağılsız addım olardı. Qaldı ki, xarici dəstəklərin Ermənistanı daha genişmiqyaslı təxribatlara ruhlandıra biləcəyinə, əlbəttə ki, erməni tərəfindən bu mövzuda qeyri-rəsmi informasiyalar yayılır. Təbii ki, Azərbaycan dövləti və ordusu da mümkün təxribatlara qarşı önləyici tədbirlər görür, xalq, cəmiyyət olaraq biz də buna hazır olmalıyıq. Onu bilməliyik ki, Rusiya imperiyasının ayağı Güney Qafqaz regionundan çəkilməyənədək belə təxribatlar gözlənilir. Və öz imperiya, dövlət maraqları çərçivəsində daim belə təxribatları Rusiya törədib və bundan sonra da daim törətməyə hazırdır. Ona görə də Azərbaycan və Ermənistan arasındakı gərginliyin olub-olmamasına rəğmən Rusiya-İran-Ermənistan üçlüyündən hər zaman təhlükə var. Odur ki, Azərbaycan dövləti və xalqı daim buna hazırlıqlı olmalıdır...
- Azərbaycan Ordusunun növbəti erməni təxribatlarına qətiyyəti cavab verəcəyi və döyüş əməliyyatlarının yenidən Zəngəzur ərazisində cərəyan edəcəyi halda hazırda Azərbaycanla sərhəddə genişmiqyaslı təlimlər keçirən İran Ermənistana birbaşa canlı qüvvə və texnikayla dəstək verə bilərmi? Yoxsa İran, sadəcə, Azərbaycana qarşı hədə-şantaj metodundan yararlanmağa çalışır?
- Son 12-13 sentyabr silahlı qarşıdurmasından sonra Azərbaycanın Ermənistanla sərhəddə bir sıra yüksəklikləri əldə etməsi İranı çox qıcıqlandırıb. Görünən odur ki, bu ölkə rəhbərliyi Zəngəzur dəhlizinin açılmaması üçün əlindən gələni edəcək. Çünki bunu öz milli maraqlarına zidd hesab edir. Xüsusən son 12-13 sentyabr qarşıdurmasından sonra İran Ermənistanı tam açıq şəkildə müdafiə edir. Guya bu qəsbkar ölkənin “ərazi bütövlüyünün pozulduğunu” iddia edir. İranın Ermənistanı müdafiə etməsi onun milli təhlükəsizlik və dövləti maraqlarından irəli gəlir. Bu, dünən də belə olub, bu gün də belədir, sabah da belə olacaq. Bu günlər İran ordusunun Azərbaycan Respublikası ilə sərhəddə genişmiqyaslı hərbi təlim keçməsi isə hər il keçirilməli olan təlimlərdən biri olmaqla yanaşı, həm də İsrailin müdafiə nazirinin ölkəmizə son səfərinə rəsmi Tehranın reaksiyasıdır...
Konkret olaraq İran ordusunun həmin təlimlərdə guya Araz çayından panton körpü ataraq Azərbaycanın Qarabağ torpaqlarına hücum etməsinin imitasiyası isə blefdən başqa bir şey deyil. Bir daha təkrar edirəm ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun Ermənistan ordusuyla birgə Azərbaycan Silahlı Qüvvələrinə qarşı döyüşməsi mümkün hesab olunmur…
- İran Ermənistana dəstək verəcəyi halda, Zəngəzur dəhlizinin açılmasında maraqlı olan Türkiyə və Rusiya ilə də üz-üzə gələcəyini anlayır?
- Öncə xatırlatdığım kimi, İkinci Qarabağ savaşından sonra İranla Ermənistanın əməkdaşlığı, dostluğu daha da sıxlaşıb. İran konkret olaraq Zəngəzur dəhlizinin açılmasını istəmir. İran rəhbəri bunu Türkiyə lideri Ərdoğanla görüşündə də açıqca bildirib. Rusiya da İranla Türkiyə arasındakı ziddiyyətlərdən yararlanaraq, Ukraynaya təcavüzündə İrandan hərbi-texniki dəstək alır. Belə bir şəraitdə İranın Zəngəzur dəhlizinin açılmaması ilə bağlı Rusiya və ya Türkiyə ilə birbaşa üz-üzə gələcəyinə inanmıram. Bu, hal-hazırda mümkün deyil, gələcəkdə də bunu görmürəm. Güman edirəm ki, hər şey, bütün ziddiyyətlər danışıqlar masasında həll edilcək...
- İranın Ukraynaya hücum edən Rusiyaya kamikadze dronlar satması və ballistik raketlər də verməyə hazırlaşması ilə bağlı Qərbin, ABŞ-ın rəsmi Tehrana qarşı daha güclü sanksiyalar tətbiq edəcəyini də nəzərə alsaq, son bir ayda ölkə daxilindəki baş verən qanlı hadisə və prosesləri necə dəyərləndirirsiz?
- Əvvəla, xatırladım ki, İran Vyanada Qərblə danışıqlar aparırdı və Avropanı enerji ilə təmin etmək müqabilində ona qarşı tətbiq olunan bir sıra sanksiyaların aradan qaldırılmasına çalışırdı. Ancaq gözlənilmədən Rusiya danışıqlara veto qoydu. Bilirdi ki, bunu etməsə, İranın enerjisi Avropanı təmin edəcək və bu qitə ölkələri Rusiya asılılığından qurtulacaq. Məhz bundan sonra Rusiya-Ukrayna müharibəsi çərçivəsində maraqlı proseslər baş verdi. İran Rusiyaya minlərlə dron verdi və məlum oldu ki, İran həmin PUA-ları Suriya savaşı zamanı vurduğu Avropa və İsrail dronları əsasında istehsal edib. Bununla bağlı Çindən də bəzi ehtiyat hissələri alıb. Nəticədə son aylarda Rusiya Ukraynada dinc insanların qətlə yetirilməsi və strateji hərbi və infrastruktur obyektlərinin vurulması zamanı məhz İrandan aldığı pilotsuz uçaqlardan fəal şəkidə istifadə edir. Düzdür, Ukrayna ordusu həmin dronların çox hissəsini asanlıqla zərərsizləşdirir... Bu minvalla İran yenidən Qərb sanskiyalarından qurtulmaqdan uzaq düşüb. Bir məsələni də unutmayaq ki, rəsmi Tehran yenə də gizli şəkildə Qərblə, o cümlədən Vaşinqtonla danışıqlar aparır. Beləliklə, İranın Ukraynaya təcavüzündə Rusiyaya dəstək verməsinə rəğmən Kreml Tehranı böyük bir cəncələ salıb. Ancaq hələlik inanmıram ki, Qərbin sanksiyaları ilə paralel daxildəki gedən iğtişaşlar İrandakı rejimin dəyişməsinə səbəb olacaq. Bunun üçün şərait hələ yetişməyib. Amerika və Avropa İranda qərbmeyilli bir hakimiyyətin qurulmasına çalışır. Bu da var ki, Qərbin İrana təzyiqləri artdıqca o, daha çox Rusiya və Çinə doğru meyillənir. İrandakı teokratik rejim on illərdir ki, Qərbin sanksiyalarına davam gətirir. Bu gün rəsmi Tehranın mənəvi-siyasi və hərbi-texniki dəstək verdiyi Rusiya, Putin Ukraynada məğlub olacağı təqdirdə İranın da gələcək taleyi sual altında qalacaq...
- Bu ilin sonunadək Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanması nə dərəcədə realdır?
- Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanacağını hələ ki, gözləmirəm. Ona görə ki, son Praqa görüşündə Paşinyan Almatı bəyannaməsi ilə bağlı Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bildirib, təəssüf ki, hələ sözdən əmələ keçilməyib. 10 noyabr üçtərəfli razılaşması ilə əlaqədar götürülmüş öhdəliklər Rusiya və Ermənistan tərəfindən yerinə yetirilmir. Qarabağda Azərbaycanın yurisdiksiyasına qaytarılmamış ərazılər var. Digər problemli məsələlər var. Ola bilər ki, Brüsseldə baş tuta biləcək növbəti görüşdə yeni razılaşmalar əldə edilərsə, delimitasiya, demarkasiya işləri sürətlə yerinə yetirilərsə, Azərbaycanın milli maraqlarına uyğun sülh müqaviləsinin imzalanmasını gözləmək olar. Təəssüf ki, ortada həmin Brüssel danışıqlarını poza biləcək Rusiya amili var. Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması bu imperiyanın milli maraqlarına ziddir. Nə qədər ki, Rusiya, Putin rejimi Ukrayna savaşında tam məğlub olaraq böyük siyasi güc kimi ortalıqdan çıxmayıb, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanmasından, bölgədə, o cümlədən Qarabağ torpaqlarımızda sabitlik yaranmasından danışmaq mümkün deyil...